Klassik poeziyadakı eşq və vəhdət fəlsəfəsinin XX əsr Azərbayacan şeirində yeri və bədii-estetik funksiyası

The Place and Aesthetic Function of the Philosophy of Love and Unity in Twentieth-Century Azerbaijani Poetry

Authors

  • Aytac Zeynalova Azerbaijan University of Language

DOI:

https://doi.org/10.32955/neujsml2026241310

Keywords:

Rumi, Vahid, Abşeron, qəzəl, irfan, sufi simvolikası

Abstract

Ədəbiyyat gözəlliyə xidmət edir. Sənətin əsas məqsədi ali gözəlliyə yönəlmək olduğundan orta çağlarda ədəbiyyat bütün poetik vasitə və imkanları ilə, Hegelin təbirincə desək, “klassik sənəti bədii dinə” çevirmək üçün fəaliyyət göstərmişdir. Ta qədimlərdən mövcud olmuş türk mifologiyasının obrazları orta çağlarda bədii sənətin qanadlarında mürəkkəb irfani-sufi rəmzlərə çevrilərək uzun bir yol gəlməkdədir. Bu həm də metafizik keyfiyyət kimi yaddaş intertekstuallığı vasitəsilə bədii düşüncəyə transfer olmuşdur. Sözə sakral duyum vasitəsi kimi baxanlar üçün Nizami Gəncəvi, Xaqani Şirvani, ibn Ərəbi, Cəlaləddin Rumi, İmadəddin Nəsimi, Yunus Əmrə, Məhəmməd Füzuli və b.-nın düşüncə tərzi həm də bir məktəb olmuşdur. Bu məqalədə Şərqin mütəfəkkir şairi Mövlana Cəlaləddin Ruminin sufi-irfani ideyalarının XX əsr Azərbaycan şairi Əliağa Vahidin yaradıcılığındakı təzahür formaları və təsir mexanizmləri araşdırılmışdır.

           Məhz bu səbəbdən üzərindən 700 ildən çox keçməsinə baxmayaraq bu gün də Rumi düşüncəsinin izləri hər diyarda özünü göstərir. Həyat-varlıq-sənət haqqında düşündüklərinin təsdiqini klassiklərin yaradıcılığında tapmış şairlərdən biri də Əliağa Vahid (1895-1965) olmuşdur. Rumi poeziyasının və fəlsəfəsinin, sözünün ardıcıllarından olan Əliağa Vahidin yaradıcılığında folklor poetikası ilə yanaşı  dahilərin düşüncə meyarları, sənət qayəsi də öz izini ciddi şəkildə buraxmışdır. Onun yaradıcılığının ən parlaq dövrü Azərbaycanda  sovet ideologiyasının hakim olduğu zamanlara təsadüf etdiyindən qəzəl janrına müraciət etmək həyat-ölüm  mücadiləsinə bərabər olmuşdur. Müasirlərinin  kolxoz, sovxoz və s. kimi sovet şeirinin əsas mövzularına müraciət etdiyi bir dövrdə Vahid qəzələ sığınaraq sənətin ali missiyasına sədaqətini nümayiş etdirə bilmiş, sələflərinin miras kimi qazandırdığı ruhi-mənəvi dəyərləri özündən sonrakı nəsillərə ötürə bilmişdir.  Ruminin fəaliyyətinin əsasını təşkil edən Allaha yaxınlaşmaq, mənəvi-ruhani təkamül, ruhani səyahət, aprior (təcrübədən asılı olmayan lkin təcrübə vasitəsilə canlandırılan bilik) arxetiplərin enerji tutumu, metafizik məna axtarışları, nəfsin saflaşdırılması, batini həqiqətlərin dərki kimi ədəbi-fəlsəfi ideyalar Vahidin yaradıcılığında XX əsrin dil və təfəkkür qanunlarına uyğun şəkildə  əksini tapmışdır. Vahidin yaşadığı dövrdə təkcə mövzulara deyil, formalara da münasibət kəskin və ədalətsiz idi. Saray ədəbiyyatı hesab olunan qəzəl Vahidin vətənpərvərliyi və cəsarəti sayəsində müdafiə edilərək günümüzədək gəlib çatmışdır. Bu şeirlərdə həm də orta çağların ruhu və hikməti yaşayır. Vahid qəzəl janrını müdafiə etməklə qeyri-ixtiyari təsəvvüf və irfani ideyaları da XX əsrin düşüncə sahəsinə gətirmişdir.

Published

2026-10-05