Ustad Şehriyâr’ın Sevgi Felsefesinde Vatan ve Vatanperverlik Simbolleri
Symbols of Homeland and Patriotism in Ustad Shahriyar's Philosophy of Love
DOI:
https://doi.org/10.32955/neujsml2026241341Keywords:
Məhəmmədhüseyn Şəhriyar, Azərbaycan ədəbiyyatı, Vətən sevgisi, Azərbaycan türkcəsi poeziyası, Milli kimlikAbstract
Məhəmmədhüseyn Şəhriyar gənc yaşlarından Azərbaycan və İran poeziya məktəbinin görkəmli nümayəndələrindən biri kimi tanınmışdır. Onun 24 yaşında Tehranda nəşr olunan ilk kitabı ədəbi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış, hətta XX əsrin yeni Hafizi kimi qiymətləndirilmişdir. Şəhriyarın poeziyasında məhəbbət, irfani eşq, vətən və insan sevgisi əsas mövzular olmuş, zaman keçdikcə bu anlayışlar ümumvətən sevgisi ilə daha da zənginləşmişdir. O, həm fars, həm də türk dillərində yaratdığı əsərlərlə oxucuların dərin rəğbətini qazanmışdır.
XX əsrin birinci yarısında Şəhriyar İranda geniş tanınsa da, Sovet Azərbaycanında kifayət qədər məşhur deyildi. Bunun əsas səbəbi onun əsərlərinin əsasən fars dilində yazılması, eləcə də 1945–1946-cı illərdə Azərbaycan Milli Hökumətinin süqutundan sonra SSRİ ilə İran arasında yaranan siyasi gərginliyin mədəni və ədəbi əlaqələri məhdudlaşdırması idi.
İkinci Dünya müharibəsi illərində və 1941–1946-cı illərdə Cənubi Azərbaycanda baş verən demokratik-milli hərəkat dövründə mədəni əlaqələrin inkişafı üçün müəyyən imkanlar yaransa da, Şəhriyarın doğma vətənində geniş tanınması yalnız ana dilində yazmağa başlamasından sonra mümkün oldu. Onun türkcə qələmə aldığı əsərlər, xüsusilə "Heydərbabaya salam", Azərbaycan xalqının milli yaddaşını, vətən sevgisini və mənəvi dəyərlərini yüksək bədii dillə ifadə edərək qısa zamanda milyonlarla oxucunun sevgisini qazandı.
Yunus İmrə, Nəsimi, Füzuli, Xətai və Vaqif kimi klassiklərin poeziya ənənələrindən bəhrələnən Şəhriyar sadə, səmimi və xalq dilinə yaxın üslubu ilə seçilmişdir. Türkcə yazdığı şeirlərin sayı farsca əsərlərindən az olsa da, onların hər biri xalqın gündəlik həyatını, milli ruhunu və vətən duyğusunu əks etdirən qiymətli ədəbi nümunələrə çevrilmiş, geniş oxucu kütləsinin yaddaşında yaşayaraq Azərbaycan ədəbiyyatının ən dəyərli irs nümunələri sırasında yer almışdır.

